7 yaşlı qızın mədəsindən 28 maqnit və metal əşyalar çıxarıldı

7 yaşlı qızın mədəsindən 28 maqnit və metal əşyalar çıxarıldı Dünya

Rusiyanın Krasnoyarsk şəhərində həkimlər mədəsində çoxsaylı yad cisimlər aşkarlanan 7 yaşlı qızın həyatını xilas ediblər.

News24.az xəbər verir ki, bu barədə noyabrın 18-də regional Səhiyyə Nazirliyinin nümayəndələri məlumat veriblər.

Məlumata görə, uşaq qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib. İlkin müayinə zamanı həkimlər bağırsaq invaginasiyasından – bağırsağın bir hissəsinin digər hissənin içərisinə keçməsindən şübhələniblər. Lakin əlavə müayinələr nəticəsində uşağın mədəsində yad cisimlər olduğu müəyyən edilib.

Cərrahlar əvvəlcə diaqnostik laparoskopiya aparıblar. Əməliyyat zamanı qızın mədəsindən 28 maqnit, bir neçə metal zımba, dörd vint və düymə çıxarılıb.

Qeyd olunur ki, mürəkkəb diaqnostik proses tələb edən hadisə nəticəsində uşağın vəziyyəti stabilləşdirilib. Hazırda o, reabilitasiya mərhələsindədir.