72 milyon illik dinozavr yumurtaları tapıldı
Dünya
Fransanın Meze şəhərindəki dinozavr muzey-parkında 100-ə yaxın daşlaşmış dinozavr yumurtaları tapılıb.
News24.az xəbər verir ki, bu unikal tapıntını geoloq və muzeyin təsisçisi Alen Kabo aşkar edib.
O, torpağın daha dərin qatlarında daha çox yumurtanın ola biləcəyini ehtimal edir.
Kabonun sözlərinə görə, yumurtaların 72 milyon il yaşı var və onlar Son Təbaşir dövrünə aiddir.
Yumurtaların titanavrlar tərəfindən qoyulduğu təxmin edilir. Onların bu günə qədər qorunub saxlanması isə regionda baş verən sel və daşqınlar sayəsində mümkün olub.
Kabo yumurtaların muzey ərazisində, elə torpağın altında qalmalı olduğunu bəyan edib.
"Əgər onları oradan çıxarsaq, zirzəmilərdə və hansısa rəflərdə yoxa çıxacaqlar. Onların elə burada nümayişi daha məqsədəuyğundur", — deyə o əlavə edib.
Geoloqun sözlərinə görə, o, bir dəfə Çinə məxsus dinozavr yumurtalarının internetdə satıldığını görüb. Bu səbəbdən öz tapıntısının da eyni aqibəti yaşamasını istəmədiyini qeyd edib.
Qeyd edək ki, Titanavrlar — Təbaşir dövründə yaşamış nəhəng, uzunboğaz dinozavrlar qrupudur. Onlar planetimizdə nə vaxtsa yaşamış ən nəhəng quru heyvanları sırasına daxil idilər. Bu dinozavrların bəzi növlərinin uzunluğu 15 metrə, çəkisi isə 15 tondan 20 tona qədər çatırdı. Onlar bitkilərlə qidalanırdılar. /The Times