79-cu Kann Film Festivalının qalibləri bəlli oldu

79-cu Kann Film Festivalının qalibləri bəlli oldu Dünya

Fransada keçirilən 79-cu Kann Film Festivalının qalibləri bəlli olub.

News24.az xəbər verir ki, "Ən yaxşı film" nominasiyasında "Qızıl palma budağı" mükafatına rumıniyalı rejissor Kristian Munciunun "Fiyord" filmi layiq görülüb.

Baş rollarda Renate Reinsve və Sebastyan Stenin çəkildiyi dram çoxuşaqlı ailənin Rumıniyadan Norveçə köçündən və onların yerli cəmiyyətin təzyiqi ilə üzləşməsindən bəhs edir.

Festivalın "Qran-pri" mükafatı Andrey Zvyagintsevin "Minotavr" filminə verilib. Münsiflər heyətinin mükafatını isə Valeska Qrizebaxın "Yuxuda görülən macəra" filmi qazanıb.

"Ən yaxşı rejissor" nominasiyasında mükafat üç nəfərə təqdim olunub. Pavel Pavlikovski "Vətən" filminə görə, Xavyer Ambrossi və Xavyer Kalvo isə "Qara top" filminə görə mükafatlandırılıblar.

"Ən yaxşı kişi rolu" mükafatı Lukas Dontun "Qorxaq" filmində rol alan aktyorlar Valentin Kampan və Emmanuel Maççiyaya təqdim edilib.

"Ən yaxşı qadın rolu" nominasiyasında isə Virjini Efira və Tao Okamoto qalib olublar. Aktrisalar Ryusuke Hamaquçinin "Qəfil" filmindəki rollarına görə mükafat alıblar.