80 bunkerli yeraltı labirint – Məhəmməd Şabanın gizləndiyi tunel ifşa edildi
Dünya
İsrail ordusu Qəzzanın cənubunda HƏMAS döyüşçülərinin istifadə etdiyi son dərəcə mürəkkəb bir yeraltı şəbəkə üzə çıxarıb. İsrail Müdafiə Qüvvələrinin (İMQ) yaydığı məlumatda bildirilir ki, söhbət 7 kilometrdən çox uzunluğu olan və 25 metr dərinlikdə yerləşən geniş tunel sistemindən gedir.
News24.az xəbər verir ki, açıqlamaya görə, bu tunel indiyədək Qəzza zolağında tapılan ən böyük və ən çətin strukturlardan biri hesab olunur.
Yeraltı keçid boyunca təxminən 80 bunker və müxtəlif təyinatlı bölmələr inşa edilib. Bu məkanların bir hissəsi HƏMAS rəhbərliyinin silah anbarı kimi, digər hissəsi isə gizli komanda məntəqələri və uzunmüddətli qalma yerləri kimi istifadə olunub. Həmin məntəqələrdə İsrail ordusuna qarşı hücumların planlaşdırıldığı bildirilir.
Hərbi məlumatlara əsasən, tuneldən yararlanan əsas şəxslərdən biri HƏMAS-ın “Rəfah” briqadasının komandiri Məhəmməd Şaban olub.
Qeyd edilir ki, yeraltı xətt Misir sərhədinə yaxın Filadelfiya dəhlizi istiqamətində, sıx yaşayış olan bir ərazinin altında qazılıb.