ABŞ-dən İranla bağlı 15 illik plan

ABŞ-dən İranla bağlı 15 illik plan Dünya

ABŞ və İran nüvə sazişi üzrə aparılan danışıqlar çərçivəsində Tehranın uranı zənginləşdirməsinə uzunmüddətli qadağanı müzakirə edir. Bu müddətin təxminən 15 il ola biləcəyi bildirilir.

News24.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti danışıqların gedişi ilə tanış olan amerikalı rəsmilər və diplomatlara istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, son həftələr tərəflər mümkün sazişin dörd əsas elementi üzrə məxfi məsləhətləşmələr aparıblar. Vaşinqton hesab edir ki, belə bir razılaşma İranın nüvə proqramını təxminən 15 il müddətinə dayandıra bilər.

Müzakirə olunan əsas məsələlərdən biri uranın zənginləşdirilməsinin tam dayandırılmasıdır. ABŞ əvvəlcə 20 illik qadağa tələb etsə də, İran 10 illik müddət təklif edib. Amerikalı rəsmilər tərəflərin 15 illik kompromis variantında razılığa gələ biləcəyini düşünürlər.

“The New York Times”ın məlumatına görə, danışıqlarda həmçinin zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması, İranın əsas nüvə obyektlərinin sökülməsi və beynəlxalq müfəttişlərin qəfil yoxlamalar aparmasına icazə verilməsi məsələləri də müzakirə olunur.

Mənbələrin sözlərinə görə, hazırda söhbət yalnız mümkün sazişin ilkin konturlarından gedir. Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi fonunda danışıqların sonrakı taleyi isə hələ də qeyri-müəyyən olaraq qalır.