ABŞ Omanı bombardmanlarla hədələyir
Dünya
ABŞ hakimiyyəti Omandan tərəf seçməyi və İran ilə diplomatik əlaqələri kəsməyi tələb edir.
News24.az xəbər verir ki, “The Wall Street Journal” bu iddianı mənbələrə istinadən yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton Maskatın İranla münasibətlərini düşmənçilik kimi qəbul etməyə başlayıb.
ABŞ Prezidenti Donald Tramp administrasiyası Omanı yaxın vaxtlarda sanksiyalar və bombardmanla hədələyib.
Buna səbəb isə kəşfiyyatın Omanın İranla birgə Hörmüz boğazından keçid üçün ödəniş tətbiq etməyi planlaşdırdığı qənaətinə gəlməsi olub.
Nəşr qeyd edib ki, Oman bu iddiaları dəfələrlə təkzib edib.
Qəzetin məlumatına görə, Oman rəsmiləri Vaşinqtonun qəfil düşmən münasibəti nümayiş etdirməsindən “şoka düşüblər” və ABŞ hakimiyyətinin bu addımına cavab variantlarını nəzərdən keçirirlər.
Bununla belə, nəşr qeyd edib ki, sərt ritorikaya baxmayaraq, Tramp administrasiyası İranı dəstəklədiyinə görə Omana hücum etməyi planlaşdırmır.