"ABŞ - İran razılaşması Tehran üçün daha sərfəlidir"
Dünya
ABŞ və İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunda qeyri-müəyyənlik var və Vaşinqtondan daha çox Tehranın maraqlarına xidmət edir.
News24.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin aparıcı demokrat üzvü Qreqori Miks bildirib.
Miks bu açıqlamanı Vaşinqton administrasiyasının bazar ertəsi qanunvericilərə İranla aparılan məsləhətləşmələrin gedişi barədə məlumatından sonra verib.
“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff administrasiya ilə İran arasında aparılan sülh danışıqları barədə Nümayəndələr Palatası və Senatın bütün üzvləri üçün brifinq keçiriblər.
Miks bu açıqlamada memorandumu tənqid edərək onu qeyri-müəyyən və İran üçün sərfəli adlandırıb. O vurğulayıb ki, sözügedən sənədin imzalanması Vaşinqtona müharibə olmadan da əldə edilə biləcək nəticələrdən artıq heç nə qazandırmayıb.
Eləcə də Miks Rubio və Uitkoffun Vaşinqton administrasiyasının "Hörmüz boğazının açılması" ifadəsində nələri nəzərdə tutduğuna aydınlıq gətirməsini istəyib. Çünki İran gəmilərin keçidinə görə şirkətlərdən ödəniş almaqla hədələyir.
Onun sözlərinə görə, dövlət katibi və Prezidentin xüsusi nümayəndəsi belə bir ödənişin tətbiq edilməyəcəyinə dair təminat veriblər.
Miks əlavə edib ki, ABŞ və İran arasında aparılan danışıqların gedişi barədə özü və bir sıra digər əsas qanunvericilər ayrıca olaraq Prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Endryu Beyker tərəfindən də məlumatlandırılıblar.
Beyker eyni zamanda ABŞ-nin vitse-prezidenti Cey Di Vensin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edir.
Miksin sözlərinə görə, bu məlumatlandırmadan sonra da qanunvericilər memorandumun məqsədəuyğun olduğuna əmin olmayıblar.
Qeyd edək ki, ABŞ və İran cari ayın əvvəlində bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
İyunun 21-də İsveçrənin Bürgenştok qəsəbəsində Dohanın və İslamabadın vasitəçiliyi ilə memorandumun icrasına dair ABŞ və İran arasında danışıqlar keçirilib.