ABŞ İranla bağlı bu məlumatı təkzib etdi
Dünya
ABŞ Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra dondurulmuş aktivlərin dərhal İrana qaytarılacağı barədə məlumatları təkzib edib.
News24.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Məlumatlar həqiqətə uyğun deyil. Bu, ödənişin yalnız öhdəliklər yerinə yetirildikdən sonra həyata keçiriləcəyi bir razılaşmadır və İran tərəfi öz öhdəliklərini yerinə yetirməyənədək dondurulmuş vəsaitlərin blokdan çıxarılması baş verməyəcək”, – deyə bildirilib.
Eyni zamanda, “Financial Times” qəzeti mənbələrinə istinadən yazırb ki, İrana qarşı sanksiyaların yumşaldılması, o cümlədən aktivlərin dondurulmasının ləğvi birbaşa Tehranın nüvə proqramı üzrə əldə etdiyi irəliləyişdən asılı olacaq.
Qəzetin məlumatına görə, ABŞ atəşkəs rejiminin 60 günlük uzadılması müddətində İrana neft satışına icazə verəcək.
Qeyd edək ki, bundan əvvəl İranın “Mehr” İnformasiya Agentliyi Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumu layihəsinin yekun 60 günlük danışıqlar dövründə İrana məxsus 24 milyard dollar həcmində aktivlərin dondurulmasının ləğvini nəzərdə tutduğunu yazıb.
Mənbənin məlumatına görə, həmin məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İrana köçürülməli idi.