ABŞ səfirliyindən Fransada yaşayan amerikalılara xəbərdarlıq

ABŞ səfirliyindən Fransada yaşayan amerikalılara xəbərdarlıq Dünya

ABŞ-ın Fransadakı səfirliyi ölkədə davam edən tələbə etirazları ilə əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb.

News24.az xəbər verir ki, səfirliyin yaydığı məlumatda vətəndaşlara nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmaq və vəziyyətlə bağlı yerli medianın məlumatlarını izləmək tövsiyə olunub.

Bildirilib ki, Fransada tələbə etirazları davam edir və bəzi aksiyalar iğtişaşlara çevrilib. Etirazçılar əsasən məktəb kampuslarının qarşısında toplaşır, yüzlərlə orta məktəbin fəaliyyətində fasilələr yaranıb.

Tələbə təşkilatları oktyabrın 6-da ölkə üzrə vahid etiraz günü keçirilməsinə çağırış edib. Aksiyalara tələbə və təhsil işçiləri həmkarlar ittifaqları, eləcə də valideyn birliklərinin qoşulacağı gözlənilir.

Etirazlar sentyabrın sonlarında İl-de-Frans bölgəsində başlayıb və daha sonra ölkənin digər ərazilərinə yayılıb. Şagirdlər məktəblərdə həddindən artıq sıxlıq, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Bəzi şəhərlərdə aksiyalar zamanı polis ilə nümayişçilər arasında toqquşmalar baş verib. Bildirilir ki, bu dövrdə 5 mindən çox şəxs saxlanılıb və onların təxminən 90 faizini yetkinlik yaşına çatmayanlar təşkil edib.