ABŞ və İran yenə danışıqlara başlayır - Tarix və məkan açıqlandı
Dünya
ABŞ və İranın iyunun 30-da Qətərin paytaxtı Dohada Hörmüz boğazı ilə bağlı danışıqlar keçirməyi planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə “Axios” portalı adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər çərşənbə axşamı görüşərək Hörmüz boğazı ətrafında yaranmış mübahisəni tənzimləməyi planlaşdırırlar.
Həmçinin onların qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəldiyi qeyd olunur.
Xatırladaq ki, həftəsonu tərəflər bir-birinə qarşılıqlı zərbələr endiriblər.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı iyunun 29-na keçən gecə Hörmüz boğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq İrana zərbələr endirildiyini təsdiqləyib.
Daha sonra İran hərbçiləri Yaxın Şərqdə yerləşən ABŞ hərbi qüvvələrinin bir neçə mövqeyini vurub.
Qeyd edək ki, İran və ABŞ iyunun 18-nə keçən gecə distant formada qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Sənəddə fevralın 28-də başlayan hərbi münaqişənin başa çatdırılması nəzərdə tutulur.
Memorandumda ABŞ-nin dəniz blokadasını aradan qaldıracağı, İranın isə Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi müddətlər də müəyyənləşdirilib.
Bundan əlavə, memorandumunda İranın nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürdüyü qeyd edilib. İranın nüvə proqramı ilə bağlı məsələ isə ayrıca razılaşma ilə tənzimlənməlidir.
Tərəflər bu mövzuda 60 gün ərzində danışıqlar aparacaqlar. Tehran üçün bu prosesin əsas nəticəsi İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi olmalıdır.