ABŞ Krımı və Donbası Rusiyaya “hədiyyə edir”? – Yeni planın şok detalları ortaya çıxdı
Dünya
ABŞ və Rusiya müharibənin dayandırılması ilə bağlı çərçivə planını bu ayın sonunadək razılaşdırmağa çalışır.
News24.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, nə Ukrayna, nə də Avropa bu planın hazırlanmasında iştirak edib. Zelenskiyə plan sadəcə fakt kimi təqdim oluna bilər.
Danışıqlar tam gizli aparılır və masada 28 maddəlik bir layihə var. Lakin hələ də ərazilər, ukraynalı uşaqların geri qaytarılması və təhlükəsizlik təminatları ilə bağlı dəqiqlik yoxdur.
“Reuters” yazır ki, ABŞ ordusu naziri Den Driskolun sabahkı Kiyev səfəri zamanı bu plan Ukrayna tərəfinə təqdim oluna bilər. Agentliyin Ağ Evdəki mənbəsi şərtləri “ağlabatan” adlandırıb və bildirib ki, cəbhədəki vəziyyət və ölkədəki korrupsiya qalmaqalı səbəbindən Zelenskinin təzyiq altında bu təklifləri qəbul etməsi ehtimalı yüksəkdir.
“Reuters”in iki mənbəsinə əsasən, ABŞ təklif etdiyi plana Ukraynanın bəzi ərazilərdən və bəzi silah növlərindən imtinasını daxil edib. Tramp administrasiyası hesab edir ki, Ukrayna hazırda çox zəif durumdadır və Vaşinqton Avropanın mövqeyini nəzərə almaq niyyətində deyil.
“Axios” nəşrinin iddiasına görə, plan Rusiyaya bütün Donetsk vilayətinin verilməsini, həmçinin Krım və Donbasın rəsmi şəkildə Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutur. Bununla yanaşı, Zaporojye və Xerson bölgələrindəki cəbhə xəttinin dondurulması təklif edilir. Nəşr yazır ki, Ağ Evin mövqeyinə görə, əgər müharibə davam edərsə, Ukrayna bu əraziləri onsuz da itirəcək. Bu səbəbdən plan “mövcud reallığın qəbul edilməsi kimi” təqdim olunur.