ABŞ səmasında xaos: 1700 uçuş bu səbəbdən ləğv edildi

ABŞ səmasında xaos: 1700 uçuş bu səbəbdən ləğv edildi Dünya

ABŞ-da hökumətin 39 gündür bağlı qalması (şatdaun) səbəbindən hava nəqliyyatı fəaliyyətlərində ciddi axsamalar yaşanır.

News24.az xəbər verir ki, ABŞ mətbuatının məlumatına görə, hava yolu şirkətləri Federal Aviasiya Administrasiyasının (FAA) göstərişi ilə 7–9 noyabr tarixləri arasında planlaşdırılan 1700-dən çox uçuşu ləğv edib.

Hökumətin fəaliyyətinin dayandırılması nəticəsində hava hərəkətinə nəzarət edən əməkdaşların da sayı azalıb. Aviaşirkətlər məsuliyyəti hökumətin və Konqresin daşıdığını deyir.

FAA-nın son açıqlamasında bildirilib ki, hava yolu şirkətləri ölkənin ən sıx 40 hava limanından həyata keçirilən daxili uçuşların sayını dünəndən etibarən 4 faiz azaldıb. Təkcə dünən 800 uçuş ləğv edilib.

Qurumun proqnozuna görə, əgər hökumət fəaliyyətsiz qalmağa davam etsə, uçuşların 11 noyabrda 6 faizinin, 13 noyabrda 8 faizinin, 14 noyabrda isə 10 faizinin ləğv ediləcəyi gözlənilir.