Şahzadə Diananın ölümü ilə bağlı materiallar bu tarixə qədər məxfi saxlanılacaq
Dünya
Şahzadə Diananın faciəli ölümü ilə bağlı istintaq materialları 2082-ci ilə qədər Paris Ədliyyə Sarayının arxivində məxfi saxlanılacaq.
News24.az xəbər verir ki, bu barədə “RadarOnline” nəşri məlumat yayıb.
Məlumata görə, Diananın həyatına son qoyan avtomobil qəzası ilə bağlı sənədlər daha 56 il ictimaiyyətə açıqlanmayacaq.
Təxminən 6 min sənəddən ibarət olan istintaq materialları bir metr hündürlüyündə qovluq təşkil edir və Fransa polisinin 18 ay davam edən araşdırmasının nəticələrini əks etdirir.Bildirilib ki, sənədlər Fransanın mədəni irsin qorunmasına dair qanunvericiliyində nəzərdə tutulan qaydaya əsasən 75 il müddətinə məxfi olaraq qorunacaq.
Eyni zamanda, Fransa hakimiyyəti bu müddəti 2082-ci ildən sonra da uzada bilər. Hazırda arxiv silahlı mühafizəçilər tərəfindən qorunur və onların xərcləri dövlət büdcəsi hesabına qarşılanır. Bu qərar müxtəlif sui-qəsd nəzəriyyələrinin yenidən gündəmə gəlməsinə səbəb olub.
Bəzi şəxslər hesab edirlər ki, sənədlərin bu qədər uzun müddət gizli saxlanılması Şahzadə Diananın ölümünün əsl səbəblərinin ictimaiyyətdən gizlədildiyi ehtimalını gücləndirir.