Aİ qanunsuz miqrasiyaya qarşı sərt tədbirlər tələb edir
Dünya
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqı (Aİ) ölkələrini qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb.
News24.az xəbər verir ki, “Politico”nun məlumatına görə, o, oktyabrın 15-16-da keçiriləcək Aİ liderlərinin sammiti öncəsi göndərdiyi məktubda miqrasiyanın təzyiq vasitəsi kimi istifadə edilməsinə qarşı fövqəladə tədbirlər mexanizminin yaradılmasını təklif edib.
Fon der Leyen həmçinin Aİ-nin sərhəd agentliyi “Frontex”in səlahiyyətlərinin genişləndirilməsini və ölkələrdən deportasiya göstəricilərinin artırılmasını istəyib.
O bildirib ki, heç bir dövlət və ya qurum Aİ-ni sabitliyi pozmaq məqsədilə miqrasiya mövzusundan istifadə etməməlidir.
Qeyd edək ki, fon der Leyen bu mexanizmin yaradılması təklifini ilk dəfə sentyabrın 16-da açıqlayıb. Mexanizmin müəyyən şərtlər əsasında fövqəladə vəziyyətlərdə işə salınması nəzərdə tutulur.