Aİ "Temu"nu qanunsuz məhsulların satışına görə ittiham edir
Dünya
Avropa İttifaqı (Aİ) onlayn alış-veriş platforması olan"Temu"nu qanunsuz məhsulların satışının qarşısını almaq üçün yetərli tədbirlər görməməkdə və rəqəmsal qaydaları pozmaqda ittiham edib.
News24.az xəbər verir ki, Avropa Komissiyası platforma ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb.
Araşdırmaya əsasən, "Temu"nun məhsul təhlükəsizliyinə nəzarət, məzmunun yoxlanılması və qaydaları pozan satıcılara qarşı tədbirləri yetərli deyil. Platformanın satıcılardan məhsulların yalnız az bir hissəsi üzrə sınaq hesabatları tələb etdiyi, təqdim olunan sənədlərin isə çox vaxt yoxlanılmadığı bildirilib.
Komissiya həmçinin oyuncaqlar, elektronika və kosmetika kimi riskli məhsullara fiziki yoxlamalarda lazımi diqqət ayrılmadığını qeyd edib. Bundan başqa, platformada məhsul elanlarının sayı artsa da, yoxlama aparan əməkdaşların sayının buna uyğun artırılmadığı vurğulanıb.
İlkin nəticələrə əsasən, "Temu" yazılı müdafiəsini təqdim edə bilər. Pozuntu yekun qərarla təsdiqlənərsə, şirkət illik dövriyyəsinin 6 faizinədək cərimələnə bilər.