Aİ uşaqların sosial media istifadəsi üçün yeni qaydalar hazırladı
Dünya
Avropa İttifaqı uşaqların sosial mediadan istifadəsi ilə bağlı yeni qaydalar hazırlayıb.
News24.az xəbər verir ki, “Aİ Uşaqlar Qanunu”na əsasən, 13 yaşdan kiçik uşaqların sosial media hesabı açmasına icazə verilməyəcək. 13-15 yaşlı uşaqlar isə valideyn nəzarətində olan məhdud hesablardan istifadə edə biləcəklər.
Qaydalar sosial media ilə yanaşı, video paylaşım platformaları, onlayn oyunlar və süni intellekt çatbotlarına da şamil olunacaq.
Platformalarda uşaqları uzun müddət istifadə etməyə təşviq edən sonsuz sürüşdürmə, avtomatik oynatma və mükafatlandırma kimi funksiyalar məhdudlaşdırılacaq. Gecə saatlarında bildirişlərin göndərilməsi də qadağan ediləcək.
Bundan başqa, platformalar istifadəçilərin yaşını yoxlamalı olacaq. Süni intellekt çatbotları isə uşaqlar üçün standart olaraq deaktiv edilməli və onların emosional asılılığına səbəb ola biləcək davranışlardan çəkinməlidir.
Təklif hələ qanun deyil və Avropa Parlamenti ilə Aİ Şurasında müzakirə olunmalıdır.