Almaniya bir milyon rus hərbi əsiri ilə bağlı ssenarilər hazırlayır - Knaysl
Dünya
Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Almaniyanın hərbi akademiyalarında bir milyon rus hərbi əsirinin idarə olunması ilə bağlı ssenarilərin hazırlandığını iddia edib.
News24.az xəbər verir ki, o, bu barədə RT-yə müsahibəsində danışıb.
Knayslın sözlərinə görə, Almaniyada müvafiq hərbi akademiyalar artıq belə bir ssenari üzərində işləyir və rusiyalı hərbçilərin yaxın gələcəkdə əsir götürüləcəyi ehtimalını nəzərdən keçirirlər.
“Almaniyada hərbi akademiyalar bir milyon rus hərbi əsirinin idarə olunması üçün ssenarilər hazırlayır. Bu insanlar tezliklə əsir götürüləcəklər. Bu, uydurma deyil, reallıqdır”, - deyə o bildirib.
Keçmiş nazir Avropanın Rusiyaya münasibətini də tənqid edib. Onun fikrincə, Avropa ölkələri Rusiyanı hərbi güc yolu ilə məğlub etmək ideyasına həddindən artıq aludə olublar. Knaysl bu yanaşmanı təhlükəsizlik üçün real təhdid kimi qiymətləndirib.
Qeyd edək ki, Karin Knaysl 2017–2019-cu illərdə Avstriyanın xarici işlər naziri vəzifəsində çalışıb. Hazırda o, Sankt-Peterburq Dövlət Universitetinin QORKI Mərkəzinə rəhbərlik edir.