Almaniyada güclü istilər 10 min insanın həyatına son qoydu
Dünya
Almaniyada yanvar ayından iyulun 19-dək davam edən ekstremal istilərin fəsadları nəticəsində təxminən 9,8 min nəfər həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Robert Kox İnstitutu məlumat yayıb.
Məlumata görə, bu, 2016-cı ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, təkcə iyunun bir həftəsi ərzində anomal istilər səbəbindən ölkədə təxminən 6,8 min nəfər həyatını itirib.
İyulun əvvəlində Almaniyada isti hava fonunda su qıtlığı ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.
Yüksək temperatur səbəbindən kütləvi ölüm halları Avropanın digər ölkələrində də qeydə alınıb.
Xatırladaq ki, bu yay Avropa son illərin ən güclü isti dalğalarından biri ilə üzləşib. Bir çox ölkədə havanın temperaturu iqlim normasını xeyli üstələyərək bəzi yerlərdə 40 dərəcə və daha yuxarı səviyyəyə çatıb.
Güclü istilər fonunda İspaniya və Fransada genişmiqyaslı meşə yanğınları davam edir.