Almaniyada XIX əsrə aid zavod cəmi 1 avroya satışa çıxarıldı

Almaniyada XIX əsrə aid zavod cəmi 1 avroya satışa çıxarıldı Dünya

Almaniyanın şərqində XIX əsrə aid tarixi zavod simvolik olaraq 1 avroya satışa çıxarılıb.

News24.az xəbər verir ki, hərraca çıxarılan geniş zavod ərazisi Saksoniya-Anhalt federal torpağında, Maqdeburqun şimalında yerləşən Tanqerhütte şəhərindədir.

1842-ci ildə burada dəmir filizi yataqları aşkar edildikdən sonra metallurgiya müəssisəsi fəaliyyətə başlayıb. Qısa müddətdə zavod adi kənd təsərrüfatı yaşayış məntəqəsini dünya miqyasında tanınan sənaye mərkəzinə çevirib.

Tanqerhüttedə 1500-dən çox sakin küçə fənərləri, spiral pilləkənlər, vannalar və hətta çay pavilyonları istehsal edirdi. Məhsullar Almaniya ilə yanaşı Yaponiya, Misir və Argentina kimi ölkələrə də ixrac olunurdu, lakin Almaniya Demokratik Respublikasının (ADR) süqutundan sonra bu məşhur sənaye müəssisəsi tədricən fəaliyyətsiz qalıb və xarabalığa çevrilib.

Şəhər rəhbərliyi obyekti öz balansından çıxarmaq istədiyi üçün satışın başlanğıc qiyməti cəmi 1 avro müəyyən edilib. Müraciətlər sentyabrın 30-dək qəbul olunacaq.

Müsabiqənin şərtlərinə əsasən, yeni sahibi tarixi abidə statusu daşıyan fasadların möhkəmləndirilməsi üçün dərhal tədbirlər görməli və onların uzunmüddətli qorunmasını təmin etməlidir. (Bild)