“Amazon”un 40 peyki orbitə çatmadı
Dünya
ABŞ-nin “United Launch Alliance” (ULA) şirkətinə məxsus “Vulcan” raketi uçuş zamanı nasazlıqla üzləşib və “Amazon”un internet şəbəkəsi üçün nəzərdə tutulan 40 peyki orbitə çatdıra bilməyib.
News24.az xəbər verir ki, raket Florida ştatının Kanaveral burnunda yerləşən Kosmik Qüvvələr Stansiyasından buraxıldıqdan təxminən 10 dəqiqə sonra uçuş anomaliyası yaranıb.
ULA nasazlığın səbəbinin hələ müəyyən edilmədiyini və hadisə ilə bağlı texniki araşdırmaya başlanacağını açıqlayıb.
Qeyd edək ki, “Vulcan” raketinin əvvəlki uçuşlarında da bərk yanacaqlı yan gücləndiricilər və əsas BE-4 mühərrikləri ilə bağlı texniki problemlər yaranıb. Mühərriklər “Amazon”un qurucusu Ceff Bezosun “Blue Origin” şirkəti tərəfindən istehsal olunur.
Amazon 2025-ci ildən bəri 14 buraxılış nəticəsində orbitə 398 “Leo” peyki yerləşdirib. Şirkət ilin sonuna qədər ilk internet xidmətini istifadəyə verməyi planlaşdırır.