Amsterdamda idman klubunda güclü PARTLAYIŞ
Dünya
Niderlandın Amsterdam şəhərinin qərbində yerləşən idman klubunun binasında güclü partlayış baş verib. Xilasedicilər dağıntılar altında qalan insanları xilas etmək üçün əməliyyat aparırlar.
News24.az xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Partlayış gecə (Bakı vaxtı ilə saat 02:00-da - red.) idman zalının yerləşdiyi binada baş verib. Hadisədən dərhal sonra dağıntılar altından yeddi nəfər çıxarılıb. Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Səhər saatlarında xilasedicilər dağıntılar altında hələ də insanların qala biləcəyinə dair əlamətlər aşkar ediblər. Səlahiyyətli qurumların qiymətləndirməsinə görə, axtarış-xilasetmə işləri ən azı axşam saatlarınadək davam edə bilər.
Partlayışın səbəbləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanları bütün mümkün versiyaları araşdırırlar. İdman zalının sahibi bildirib ki, videomüşahidə kameralarının görüntülərində partlayışın binanın döşəməsinin altında baş verdiyi görünür. Onun sözlərinə görə, birinci mərtəbədə qaz kommunikasiyaları, transformator yarımstansiyası və anbar sahələri yerləşib.
Hadisədən sonra yaxınlıqdakı doqquzmərtəbəli yaşayış binasının sakinləri təxliyə olunublar. Müvəqqəti sığınacaq tapa bilməyən 100-ə yaxın şəxs mehmanxanada yerləşdirilib.
Bundan əlavə, energetika avadanlıqlarının zədələnməsi nəticəsində 233 təsərrüfat elektrik enerjisi ilə təminatsız qalıb. Ərazidə qazın verilməsi isə müvəqqəti olaraq dayandırılıb. (Oxu.az)