Aramsız yağışlar Türkiyədə fəsadlara yol açdı
Dünya
Türkiyənin bir çox bölgəsində, xüsusilə cənub vilayətlərində aprel ayının əvvəlindən bəri müşahidə olunan əlverişsiz hava şəraiti ağır fəsadlara yol açıb.
News24.az xəbər verir ki, Osmaniyə vilayətində aramsız leysan yağışlarından sonra yaranan sel nəticəsində iki nəfər həyatını itirib.
Kadirli rayonunda çayların məcrasından çıxması nəticəsində şəhər mərkəzində nəqliyyat vasitələri sular altında qalıb, infrastruktur ciddi ziyan görüb. Osmaniyənin Düziçi rayonunda Dəliçay üzərindəki körpü sel sularına tab gətirməyərək uçub.
Bundan əlavə, güclü yağışlar Qaziantep və Şanlıurfada da ciddi çətinliklər yaradıb, küçə və prospektlərdə yaranan gölməçələr hərəkəti iflic edib. Valiliklər sel, daşqın və torpaq sürüşməsi riskinə qarşı vətəndaşları ehtiyatlı olmağa çağırıb. Eyni zamanda, Balkan yarımadası üzərindən gələn soyuq hava kütləsi səbəbindən 44 vilayətdə, o cümlədən İstanbul və Ankarada qar və güclü yağış ehtimalı var.
Qeyd edək ki, Meteorologiya Baş İdarəsi əlverişsiz hava şəraitinin davam edəcəyini və xüsusilə dağlıq ərazilərdə qar uçqunu riskinin artdığını bildirib. Hazırda zərərçəkmiş bölgələrdə xilasetmə və təmizlik işləri davam etdirilir. (Qafqazinfo)