Avropa alov içində – tarixin ən ağır yanğın mövsümü yaşanır

Avropa alov içində – tarixin ən ağır yanğın mövsümü yaşanır Dünya

Avropa son illərin ən təhlükəli meşə yanğınları mövsümlərindən birini yaşayır. "The Independent" nəşrinin yazdığına görə, güclü istilər və uzunmüddətli quraqlıq alovun sürətlə yayılması üçün əlverişli şərait yaradıb. Nəticədə yüz minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb, yanğınlar isə məşhur turizm bölgələrinə də yayılıb.

News24.az-ın xəbərinə görə, Avropa Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzinin rəhbəri bildirib ki, bu yay qitə tarixinin ən iri yanğın mövsümü ola bilər.

Ən ağır vəziyyətlərdən biri Yunanıstanda qeydə alınıb. Krit adasında güclü küləyin təsiri ilə geniş əraziyə yayılan meşə yanğınları səbəbindən bir həftə ərzində minlərlə yerli sakin və turist təxliyə edilib. Paros adasında da təxliyələr aparılıb. Ölkənin bir sıra bölgələrində isə yanğın təhlükəsi hələ də çox yüksək səviyyədə qalır.

Fransada Gironda departamentində baş verən iri yanğınlar nəticəsində on minlərlə hektar ərazi yanıb. Hakimiyyət turistlərə müvəqqəti olaraq bu bölgəyə səfər etməmələri barədə çağırış edib. Yanğınlar səbəbindən düşərgələr, turizm obyektləri və yaşayış məntəqələri boşaldılıb. Buna baxmayaraq, Bordo hava limanı fəaliyyətini davam etdirir.

İspaniyada ən ağır vəziyyət Madrid yaxınlığında, eləcə də Samora və Leon əyalətlərində müşahidə olunur. Böyük yanğınlara görə ölkədə bir müddət milli səviyyədə fövqəladə vəziyyət elan edilib. Madrid Muxtar Bölgəsinin rəhbəri İzabel Dias Ayuso son yanğını region tarixinin ən dəhşətli hadisəsi adlandırıb. Sinoptiklər havanın temperaturunun 41 dərəcəni keçəcəyini proqnozlaşdırırlar ki, bu da yeni yanğın riskini artırır.

Portuqaliyada da yanğınlar yaşayış evlərinə ziyan vurub. Valpasuş bələdiyyəsi yaxınlığında təxminən 800 nəfər təxliyə olunub, A25 magistral yolu bağlanıb.

İtaliyada Avropa İttifaqı avqustun əvvəlində yanğın təhlükəsinin son dərəcə yüksək olacağı barədə xəbərdarlıq edib. Roma, Venesiya, Milan, Neapol və Florensiya daxil olmaqla 19 şəhərdə isti hava ilə əlaqədar ən yüksək – üçüncü – xəbərdarlıq səviyyəsi elan olunub.

Böyük Britaniya da bu il anomal istilərin təsirindən yan keçməyib. Saffolk, Esseks, Kairnqorms Milli Parkı, Böyük Mançester və Derbişir bölgələrində təbii ərazilərdə yanğınlar baş verib.

Bu arada Türkiyənin Antalya və Muğla vilayətlərində də genişmiqyaslı meşə yanğınları davam edir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisələr nəticəsində azı beş nəfər, o cümlədən üç yanğınsöndürən xəsarət alıb.