Avropa alov içində: yüz minlərlə insan təxliyə edildi
Dünya
Fransa və İspaniyada genişlənən meşə yanğınları səbəbindən 220 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
News24.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Məlumata görə, Fransanın cənub-qərbində yerləşən Jirond və Land departamentlərində təxminən 200 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Yanğınlar 19 min hektardan çox meşə sahəsini və onlarla yaşayış evini məhv edib. Prezident Emmanuel Makron yanğınların söndürülməsinə dəstək üçün silahlı qüvvələri səfərbər edib.
İspaniyada isə Madrid yaxınlığında bir neçə yanğın ocağının birləşməsi vəziyyəti daha da ağırlaşdırıb. Ölkədə fövqəladə vəziyyət elan olunub, 25 min nəfər təxliyə edilib, on minlərlə sakinə isə evdən çıxmamaq tapşırılıb. Alovun artıq yanğınsöndürənlərin imkanlarını aşdığı bildirilir.
Meşə yanğınları İtaliyaya da yayılıb. Ən çox zərər çəkən bölgələrdən biri Siciliya olub. Yanğının söndürülməsi zamanı bir yanğınsöndürən həlak olub.
Mütəxəssislər bildirirlər ki, Avropada davam edən ekstremal istilər və uzunmüddətli quraqlıq meşə yanğınlarının daha sürətlə yayılmasına şərait yaradır. Avropa İttifaqının Kopernik İqlim Xidməti isə qitənin dünyada ən sürətlə istiləşən region olduğunu vurğulayır.