Avropada yeni sərinləmə trendi: Kondisionersiz evlər necə soyudulur?
Dünya
Avropada müşahidə olunan anomal istilər fonunda kondisioneri olmayan mənzillərdə yaşayanlar üçün alternativ soyutma sistemlərinə maraq artıb. Bir çox Avropa ölkəsində kondisionerlərin geniş yayılmamasına səbəb isti havaların qısa müddət davam etməsi və tarixi binaların fasadına xarici blokların quraşdırılmasına qoyulan məhdudiyyətlərdir.
News24.az xəbər verir ki, avropalılar evlərini sərin saxlamaq üçün əsasən "soyuq tavan" sistemi, tavan ventilyatoru və döşəmə tipli hava soyuducularından istifadə edirlər.
Mütəxəssislərin fikrincə, "soyuq tavan" sistemi otağı səssiz və enerjiyə qənaətli şəkildə soyudur, eyni zamanda qış aylarında istilik sistemi kimi də istifadə oluna bilir. Tavan ventilyatorları isə daha sərfəli qiymətə başa gəlir və yüngül hava axını yaradaraq istinin təsirini azaldır. Xarici blok quraşdırmaq mümkün olmayan mənzillər üçün isə döşəmə tipli hava soyuducuları münasib alternativ hesab olunur.
Bununla yanaşı, qeyd edilir ki, bu sistemlərin hər birinin müəyyən çatışmazlıqları da var. Xüsusilə "soyuq tavan" sisteminin quraşdırılması baha başa gəlir və rütubətə düzgün nəzarət edilmədikdə kondensat və kif yaranması riski mövcuddur. Döşəmə tipli hava soyuducuları isə kondisionerlərlə müqayisədə otağı daha gec sərinlədir.