Avropaya səfərdə yeni qayda: hamıya aid olacaq

Avropaya səfərdə yeni qayda: hamıya aid olacaq Dünya

Avropa İttifaqı Şengen zonasına giriş-çıxışlara nəzarəti gücləndirmək üçün sabahdan yeni rəqəmsal qeydiyyat sistemini tətbiq etməyə başlayır.

News24.az xəbər verir ki, yeni sistemlə Şengen ölkələrinə daxil olan və həmin ölkələrdən çıxan sərnişinlərin pasport məlumatları elektron qaydada qeydə alınacaq.

Məlumata görə, bu yenilik sərhəd keçidlərinə nəzarətin daha da sərtləşdirilməsi, viza qaydalarını pozanların və icazə verilən müddətdən artıq qalan şəxslərin daha asan müəyyənləşdirilməsi məqsədi daşıyır.

Bildirilir ki, tətbiq çərçivəsində sərnişinlərin biometrik məlumatları da toplana bilər. Belə ki, barmaq izi və üz tanıma məlumatlarının sistemə inteqrasiyası ilə sərhəd təhlükəsizliyinin artırılması hədəflənir.

Rəsmilər qeyd edirlər ki, yeni qayda Şengen zonasında qalma müddətinin daha effektiv izlənməsinə imkan verəcək.

Yeni sistem Şengen zonasına daxil olan bütün üçüncü ölkə vətəndaşlarına şamil olunacaq.

Qeyd edək ki, bu sistem indiyədək pasportlara vurulan giriş-çıxış möhürlərini əvəz edəcək və sərhəd keçidlərində rəqəmsal mərhələyə keçid təmin olunacaq.

Mütəxəssislər Şengen zonasına səfər etməyi planlaşdıran şəxslərə pasportun etibarlılıq müddətini və viza şərtlərini əvvəlcədən diqqətlə yoxlamağı tövsiyə edirlər. Onların sözlərinə görə, yeni sistemlə qayda pozuntuları daha tez aşkarlanacaq və buna görə tətbiq olunan cəzalar da daha sərt ola bilər. (“Yeni Sabah”)