Ayda yadplanetlilər üçün karantin zonası yaradılır?
Dünya
Alimlər Yerə Marsdan, Aydan və digər səma cisimlərindən gətiriləcək nümunələrin əvvəlcə Ayda yaradılacaq xüsusi karantin mərkəzində araşdırılmasını təklif ediblər.
News24.az xəbər verir ki, alimlərin fikrincə, Yer üzərindəki heç bir laboratoriya naməlum mənşəli mümkün yadplanetli mikroorqanizmlərin tam təcridini təmin edə bilməz.
Təklifə əsasən, gələcəkdə Ayda qurulacaq bazada bioloji izolyasiya kompleksi yaradılmalı, bütün nümunələr robot sistemləri vasitəsilə burada yoxlanılmalı və yalnız təhlükəsiz olduğu təsdiqləndikdən sonra Yerə gətirilməlidir.
Bu təklif elmi fantastika kimi səslənsə də, alimlər onu real arqumentlərlə əsaslandırırlar.
İndiyədək Yer kürəsindən kənarda heç bir həyat forması aşkar edilməyib. Lakin nümunələrin Yerə qaytarılması proqramları artıq başlayıb.
NASA və Avropa Kosmik Agentliyi Marsa və Günəş sisteminin kiçik səma cisimlərinə missiyalar hazırlayır.
Alimlər hesab edirlər ki, həmin nümunələrlə birlikdə Yer ekosistemlərinin indiyədək qarşılaşmadığı mikroorqanizmlər və ya digər bioloji formalar da gətirilə bilər.
Bununla belə, bəzi mütəxəssislər bu ideyanın elmi əsasları və həyata keçirilməsinin çətinliyi ilə bağlı suallar qaldırırlar.