Baham adalarında təyyarə qəzası: 10 nəfər həlak oldu
Dünya
Baham adalarında baş verən təyyarə qəzası faciə ilə nəticələnib. "Flamingo Air" aviaşirkətinə məxsus "Cessna 402" tipli yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb.
News24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, qəza arxipelaqın ən böyük adası olan Androsun Nort-Andros bölgəsində baş verib. Təyyarədə olan doqquz nəfər hadisə yerində həyatını itirib. Ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan daha bir sərnişinin isə həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, C6-FLX qeydiyyat nömrəli "Cessna 402" təyyarəsi paytaxt Nassau şəhərində yerləşən Linden Pindlinq Beynəlxalq Hava Limanından San-Andros hava limanına daxili reys həyata keçirirmiş.
Hadisədən sonra Baham adalarının Aviasiya Nazirliyi araşdırma başa çatanadək "Flamingo Air" aviaşirkətinin bütün uçuşlarını müvəqqəti dayandırıb. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.