Belçikada panika: naməlum dronlar hava limanı və AES üzərində göründü
Dünya
Belçikada naməlum dronlar qeydə alınıb: onlar Liej hava limanı və Doel atom elektrik stansiyasının üzərində uçarkən müşahidə olunub.
News24.az xəbər verir ki, dronların Liej hava limanı üzərində görünməsi səbəbindən hava əlaqəsi təxminən bir saatlıq dayandırılıb. Ardınca isə üç pilotsuz uçuş aparatı Doel AES ərazisində qeydə alınıb.
Engie enerji şirkəti bildirib ki, dronlar heç bir təhlükə yaratmayıb və onların aşkarlanması stansiyanın fəaliyyətinə təsir etməyib. Məsul qurumlar vəziyyəti diqqətlə izləməkdə davam edir.
Hadisədən bir neçə gün əvvəl Klyayn-Bröğel hərbi bazası üzərində də dronlar müşahidə edilib. Bu baza həm Belçika, həm də NATO tərəfindən istifadə olunur. Qeyri-rəsmi məlumatlara görə, həmin aviabaza Avropada yerləşdirilən ABŞ nüvə silahlarının saxlandığı obyektlərdən biridir.
Qeyd edək ki, Brüssel və Liej hava limanlarının fəaliyyəti son aylar ərzində bir neçə dəfə dronların peyda olması səbəbindən dayandırılıb. Keçən həftə Almaniya Müdafiə Nazirliyi açıqlayıb ki, Bundesver Belçikaya pilotsuz uçuş aparatlarına qarşı mübarizədə yardım göstərir.