Biznesmen və həyat yoldaşı qətlə yetirilməzdən əvvəl işgəncələrə məruz qalıb – Dəhşətli təfərrüatlar

Biznesmen və həyat yoldaşı qətlə yetirilməzdən əvvəl işgəncələrə məruz qalıb – Dəhşətli təfərrüatlar Dünya

Rusiyanın Sankt-Peterburq şəhərindən olan kriptobiznesmen Roman Novak və həyat yoldaşının qətli ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Məlum olub ki, iş adamı öldürülməzdən əvvəl elektroşokerlə hərəkətsizləşdirilib və işgəncələrə məruz qalıb.

News24.az xəbər verir ki, "Baza" kanalının məlumatına görə, hadisə 2025-ci ilin oktyabrında Birləşmiş Ərəb Əmirliklərində baş verib. İddialara əsasən, Yuri Şaripov və onun əlbir olduğu şəxslər BƏƏ-də yerləşən villada cütlüyə hücum ediblər.

Hücum zamanı Roman Novak elektroşoker vasitəsilə hərəkətsiz vəziyyətə gətirilib. Daha sonra işgəncə altında ondan kriptovalyuta cüzdanlarına giriş məlumatları tələb edilib.

Bundan sonra cütlük amansızcasına döyülərək qətlə yetirilib. Onların meyitləri səhraya aparılaraq basdırılıb. Hücum edənlərin cütlüyə məxsus ümumi dəyəri 20 milyon rubldan çox olan əmlakı da oğurlanıb.

İstintaq çərçivəsində Yuri Şaripovun Sankt-Peterburqdakı mənzilində aparılan axtarış zamanı 0,49 qram kokain aşkarlanıb.

Rusiyanın Sankt-Peterburq üzrə İstintaq Komitəsinin məlumatına görə, 47 yaşlı Şaripov iki nəfərin qətlə yetirilməsi ilə yanaşı soyğunçuluq və narkotik vasitələrin qanunsuz saxlanılması üzrə də ittiham edilir.

Qeyd edək ki, 12 noyabr 2026-cı il tarixinə cinayət işi üzrə istintaq başa çatıb. İş materialları baxılması üçün məhkəməyə göndərilib.