BMT: Qəzzanın bərpasına 71,5 milyard dollar lazımdır
Dünya
Qəzzanın bərpası və yenidən qurulması üçün 71,5 milyard dollar vəsaitə ehtiyac olduğu açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Fələstin iqtisadiyyatı ilə bağlı son hesabatında bildirilib.
Hesabata görə, 2026-cı ilin əvvəlində Qəzzada fiziki infrastrukturun zərəri 35,2 milyard, iqtisadi və sosial itkilər isə 22,7 milyard dollar təşkil edib.
Bildirilib ki, 2023-cü ilin oktyabrından etibarən Qəzzada iqtisadi müəssisələrin 92 faizi zərər görüb və ya məhv edilib. 2025-ci ildə də işsizlik səviyyəsi 78 faizə çatıb.
Hesabatda o da qeyd olunub ki, Qəzzanın kənd təsərrüfatı torpaqlarının 1,5 faizindən az hissəsi əlçatan və zədələnməmiş vəziyyətdə qalıb. Bu vəziyyət əhalinin humanitar ərzaq yardımından asılılığını artırıb.
UNCTAD həmçinin bildirib ki, Fələstin iqtisadiyyatı və dövlət maliyyəsi ciddi təzyiq altındadır.