Boş butulkalara görə pul verəcəklər
Dünya
Türkiyədə təkrar emal sahəsində yeni mərhələ başlayıb.
News24.az xəbər verir ki, Depozitli Qablaşdırma Sistemi iyulun 1-dən etibarən ölkənin 81 vilayəti və 973 rayonunda tətbiq olunmağa başlanıb.
Yeni sistem çərçivəsində vətəndaşlar plastik, şüşə və alüminium içki qablarını müəyyən edilmiş qəbul məntəqələrinə təhvil verərək hər qab üçün 1 TL ödəniş alacaqlar.
Ətraf mühitə atılan tullantıların azaldılmasını hədəfləyən sistem qablaşdırmaların təbiətə qarışmadan təkrar emal zəncirinə daxil edilməsini təmin edəcək.
Daha əvvəl pilot bölgələrdə 25 kuruş olan təşviq məbləği bu gündən etibarən bütün ölkə üzrə 1 lirəyə TL-yə qaldırılıb.
Sistem çərçivəsində market şəbəkələri, supermarketlər, ərzaq mağazaları, köşklər, həmçinin otel, restoran və kafelər qəbul məntəqəsi kimi fəaliyyət göstərəcək.
Depozitli içkilərin satışını həyata keçirən müəssisələr topladıqları qablaşdırmaları müəyyən olunmuş operatorlara təhvil verəcəklər.
Vətəndaşlar DOA loqolu qablaşdırmaları depozit qaytarma aparatlarına və ya səlahiyyətli toplama məntəqələrinə təhvil verdikdə qazandıqları məbləğ dərhal DOA mobil tətbiqindəki rəqəmsal pul kisəsinə köçürüləcək.
Toplanmış vəsait tərəfdaş banklar vasitəsilə bank hesabına köçürülə, bankomatlardan nağdlaşdırıla və ya alış-veriş zamanı istifadə oluna biləcək.
Türkiyə Ətraf Mühit Agentliyi tərəfindən həyata keçirilən sistem vasitəsilə hər il təxminən 25 milyard içki qablaşdırmasının təkrar emala cəlb edilməsi planlaşdırılır.
Layihənin iqtisadiyyata hər il təxminən 30 milyard TL töhfə verəcəyi gözlənilir.
Bu təşəbbüs "Sıfır Tullantı" layihəsinin ən mühüm addımlarından biri hesab olunur. /Haber Global/