Bu ölkə viza qiymətlərini iki dəfə artırır

Bu ölkə viza qiymətlərini iki dəfə artırır Dünya

İndoneziya ölkəyə gəldikdən sonra alınan viza xidmətinin (Visa on Arrival – VoA) qiymətini müraciət üsulundan asılı olaraq iki dəfəyə qədər artırmağı planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə ölkənin Baş Miqrasiya İdarəsinin rəhbəri Hendarsam Marantoko məlumat verib.

Hazırda ölkəyə giriş vizasının qiyməti 500 min İndoneziya rupisidir (təxminən 28 dollar).

Məmurun sözlərinə görə, valyuta məzənnəsindəki dəyişiklikləri nəzərə alaraq bu məbləğ aşağı hesab olunur və qiymətin yenilənməsinə ehtiyac var.

Planlaşdırılan yeni tariflərə əsasən, səfərdən əvvəl internet vasitəsilə elektron giriş vizası (e-VoA) üçün müraciət edən əcnəbilər 750 min rupi (təxminən 42 dollar), vizanı ölkəyə gəldikdən sonra alanlar isə 1 milyon rupi (təxminən 56 dollar) ödəyəcəklər.

Bildirilib ki, bu tədbir yalnız dövlət gəlirlərinin artırılmasına deyil, həm də əcnəbiləri səfərdən əvvəl viza prosedurlarını onlayn şəkildə tamamlamağa təşviq etməyə yönəlib.

Hakimiyyət hesab edir ki, onlayn müraciətlərin artması hava limanlarında, o cümlədən miqrasiya nəzarəti məntəqələrində növbələrin azalmasına kömək edəcək.

Yeni tariflərin nə vaxt qüvvəyə minəcəyi hələ açıqlanmayıb.

Təklif əvvəlcə hökumətdə müvafiq prosedurdan keçməlidir.

Qeyd edək ki, İndoneziyanın ölkəyə giriş vizası əcnəbilərə ölkədə 30 gün qalmaq imkanı verir.

Vizanın müddəti, bir qayda olaraq, daha 30 gün uzadıla bilər.