Sudanda qızıl mədənində faciə: Azı 15 nəfər həyatını itirdi

Sudanda qızıl mədənində faciə: Azı 15 nəfər həyatını itirdi Dünya

Sudanın şimalında fəaliyyəti təhlükəli hesab edilərək dayandırılmış qızıl mədənində baş verən çökmə nəticəsində azı 15 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə Sudan Mineral Ehtiyatlar Şirkəti məlumat yayıb.

Məlumata görə, hadisə Vadi Halfa rayonunun Samna bölgəsində yerləşən Məhəmməd Tovfiq qızıl mədənində baş verib. Qəzanın ardından əraziyə xilasedicilər və texniki mütəxəssislər cəlb olunub, dağıntılar altında qalan şəxslərin axtarışı davam etdirilir.

İlkin araşdırmalar göstərir ki, bədbəxt hadisə rəsmi qadağaya baxmayaraq bəzi mədənçilərin bağlanmış mədənə daxil olması nəticəsində baş verib. Bildirilir ki, ərazi daha əvvəl çökmə təhlükəsi səbəbindən istifadəyə yararsız elan edilmiş və giriş tamamilə qadağan olunmuşdu.

Şirkətin açıqlamasında qeyd olunur ki, təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində mədənin bir hissəsi çökərək faciəyə səbəb olub.

Qeyd edək ki, 2011-ci ildə Cənubi Sudanın ayrılmasından sonra neft gəlirlərinin azalması fonunda qızıl hasilatı Sudan iqtisadiyyatının əsas gəlir mənbələrindən birinə çevrilib. Hazırda ölkədə iki milyondan çox insan ənənəvi qızıl mədənlərində çalışır və bu sahə ümumi qızıl istehsalının təxminən 80 faizini təmin edir.