Bu saç rəngi xanımları daha yaşlı göstərir

Bu saç rəngi xanımları daha yaşlı göstərir Dünya

Həddindən artıq tünd və soyuq çalarlı saç rəngləri insanın xarici görünüşünə vizual olaraq yaş əlavə edə bilər.

News24.az xəbər verir ki, bu barədə rusiyalı stilist Həmiddulla Əzimov məlumat verib.

Onun sözlərinə görə, xüsusilə tünd, soyuq və qeyri-təbii, eyni tonlu saç rəngləri görünüşü ağırlaşdıra bilər.

Belə çalarlar dəridə solğunluğu, qızartıları və qeyri-bərabərliyi daha nəzərəçarpan edir.

Məsələn, qapqara və ya həddindən artıq kül rəngli saçlar hər kəsin xarici görünüşünə uyğun gəlmir.

Stilist saç rəngini seçərkən dəri və göz rənginin, eləcə də saçın təbii tonunun nəzərə alınmasını tövsiyə edib. Onun fikrincə, düzgün seçilmiş rəng üzü daha təravətli göstərməli, gözləri ön plana çıxarmalı və təbii parlaqlıq yaratmalıdır.

Əzimov bildirib ki, saç rənginin seçimində yalnız dərinin isti və ya soyuq alt tonu deyil, həm də dəri, göz, qaş və təbii saç rəngi arasındakı kontrast nəzərə alınmalıdır.

Məsələn, yumşaq və az kontrastlı xarici görünüşə malik insanda həddindən artıq tünd saç rəngi sərt ifadə yarada bilər. Əksinə, yüksək kontrastlı görünüşə çox açıq saç rəngi uyğun gəlməyə bilər.

Ekspert həmçinin saç rənginin uzun müddət gözəl qalması və az qulluq tələb etməsi üçün təbii saç rənginə yaxın çalarların seçilməsini məsləhət görüb.

Onun sözlərinə görə, saç köklərinin tez-tez rənglənməsinə ehtiyac qalmaması üçün balayaj,

“airtouch” və zərif melirovka kimi texnikalara üstünlük vermək olar. Bu üsullar saç uzandıqca rənglər arasında kəskin fərqin yaranmasının qarşısını alır.

Stilist əlavə edib ki, rəng seçərkən onun zamanla necə solacağı və ev şəraitində hansı qulluq vasitələrinin istifadə ediləcəyi də nəzərə alınmalıdır.

Keyfiyyətli saç boyası salondan çıxdıqdan dərhal sonra deyil, bir neçə ay keçdikdən sonra da gözəl görünməlidir.