Cənub sərhədində gərginlik artdı – Livan BMT-yə müraciət edir
Dünya
Livan cənub sərhədində “Mavi xətt”dən (BMT tərəfindən çəkilən xəttdir və Livanı İsraildən və Colan təpələrindən ayırır) kənara inşa edilən İsrail beton divarı ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, divar 4 000 kvadrat metrdən çox (təxminən 1 hektar) Livan torpağını yerli əhali üçün istifadəyə yararsız edib.
Livan Prezidenti də açıqlamasında İsrailin davam edən inşasının BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulması və Livanın suverenliyi ilə ərazi bütövlüyünün pozulması olduğunu vurğulayıb.
İsrail hərbi sözçüsü isə divarın “Mavi Xətt”i keçdiyini təkzib edib.