"ChatGPT"ni özünə vəkil tutdu, məhkəmədə qalib gəldi

"ChatGPT"ni özünə vəkil tutdu, məhkəmədə qalib gəldi Dünya

Almaniyanın Leypsiq şəhərində yaşayan 41 yaşlı David Hints məhkəmədə özünü vəkil yox, "ChatGPT"nin köməyi ilə müdafiə edib və işin bağlanmasına nail olub.

News24.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilir ki, təhlükəsizlik xidmətində çalışan David Hints 2023-cü ildə yeni işinə planlaşdırıldığından bir həftə əvvəl başlayıb. O, bu barədə məşğulluq xidmətinə telefonla məlumat versə də, texniki səhv nəticəsində ona 242,34 avro məbləğində artıq işsizlik müavinəti ödənilib. Məhz bu səbəbdən ona qarşı dələduzluq ittihamı irəli sürülüb.

Hintsə dövlət hesabına vəkil ayrılmayıb, şəxsi vəkil tutmaq isə onun üçün maddi baxımdan mümkün olmayıb. Buna görə də o, müdafiəsini ChatGPT-nin köməyi ilə hazırlamaq qərarına gəlib.

Süni intellekt ona hüquqi prosedurları izah edib, etiraz ərizəsinin hazırlanmasına kömək göstərib və bir həftə ərzində hakimə etirazla bağlı 18 səhifəlik vəsatətin tərtibində iştirak edib. Nəticədə vəsatət təmin olunub, iş başqa hakimin icraatına verilib və sonradan tamamilə dayandırılıb.

Mütəxəssislər bildirirlər ki, işin bağlanmasında "ChatGPT"nin nə dərəcədə həlledici rol oynadığını dəqiq demək mümkün deyil.

Bununla yanaşı, Stanford Universitetinin apardığı araşdırma göstərib ki, süni intellektdən istifadə edən hüquqşünaslar işlərini təxminən 6 faiz daha dəqiq, 26 faiz isə daha sürətli yerinə yetirirlər. Araşdırmaya görə, süni intellekt sübutların axtarılmasında və mümkün səhvlərin aşkarlanmasında kömək etsə də, yekun hüquqi qərarlar yenə də insanlar tərəfindən verilir.