Çindəki böhran "Porsche"ni çətin qərara məcbur etdi
Dünya
Almaniyanın idman avtomobilləri istehsalçısı "Porsche" yeni işçi ixtisarına gedəcəyini açıqlayıb. Şirkət yaxın illərdə daha 5 min iş yerini ləğv etməyi planlaşdırır. Bundan əvvəl isə 3 900 əməkdaşın ixtisarı barədə qərar verilib. Bundan əlavə, şirkətin törəmə müəssisələrində daha 500 vakant yer bağlanacaq.
News24.az xəbər verir ki, bununla yanaşı, "Porsche" Ştutqartın Tsuffenhauzen şəhərində yerləşən əsas zavodunda və Vaysaxdakı tədqiqat mərkəzində çalışan əməkdaşlar üçün məşğulluq təminatını 2035-ci ilin sonunadək uzadacaq. Şirkət kütləvi işdən çıxarmalara əl atmayacağını, işçi sayını əsasən boş qalan vakansiyaların doldurulmaması, erkən təqaüd və könüllü razılaşmalar hesabına azaltmağı planlaşdırdığını bildirib.
İş yerlərinin qorunması müqabilində əməkdaşlar müəyyən güzəştlərə getməli olacaqlar. Belə ki, 2035-ci ilədək maaş artımlarının bir hissəsi dondurulacaq, Milad mükafatları azaldılacaq, bonuslar isə şirkətin maliyyə nəticələrindən daha çox asılı olacaq. Bundan başqa, əməkdaşların məsafədən işləmək imkanları da məhdudlaşdırılacaq və evdən işləmək ayda maksimum 8 gün olacaq.
Şirkətin yeni qənaət tədbirlərinə əl atmasına Çində satışların azalması, ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və model sırasının yenilənməsi ilə bağlı yüksək xərclər səbəb olub. Əgər üç il əvvəl "Porsche" ildə təxminən 320 min avtomobil satırdısa, şirkət 2026-cı ildə bu rəqəmin 250 min olacağını proqnozlaşdırır. (Bild)