Daha bir hücum: "Emil" vuruldu

Daha bir hücum: "Emil" vuruldu Dünya

Odessa yaxınlığında Qara dənizdə Almaniya şirkətinə məxsus yük gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilir.

News24.az xəbər verir ki, "Bild" qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, hücuma məruz qalan gəmi Liberiya bayrağı altında üzən "Emil" adlı yük gəmisidir. Bildirilir ki, gəmi Hamburqda yerləşən "Johann MK Blumenthal GmbH & Co. KG" şirkətinə məxsusdur.

Məlumata əsasən, hadisə Odessa sahillərindən təxminən 21 dəniz mili (39 kilometr) məsafədə baş verib. Dronun zərbəsi nəticəsində gəmidə yanğın başlayıb, bəzi texniki sistemlər sıradan çıxıb və yük gəmisi manevr imkanını itirib.

Hadisədən sonra gəminin heyəti təxliyə olunub. İlkin məlumata görə, dənizçilər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Ukrayna Silahlı Qüvvələrinin hücumlarından sonra Qara dənizdə iki mülki gəminin zərər görməsinə münasibət bildirmişdi. Türkiyə Xarici İşlər Nazirliyi döyüş əməliyyatlarının kommersiya gəmiçiliyi üçün birbaşa təhlükə yaratdığını vurğulayaraq tərəfləri Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin olunması üçün zəruri addımlar atmağa çağırmışdı.