Danimarkadan Şengen vizası ilə bağlı xəbərdarlıq
Dünya
Danimarkanın Dubaydakı Baş Konsulluğu Şengen vizası müraciətlərində saxta sənədlərin sayının artdığını açıqlayıb və müraciətçiləri diqqətli olmağa çağırıb.
News24.az xəbər verir ki, konsulluğun yaydığı məlumata görə, hər gün orta hesabla 10 saxta sənəd aşkarlanır. Bildirilir ki, saxta otel rezervasiyaları, səyahət sağlamlıq sığortası sənədləri və etibarsız uçuş rezervasiyaları səbəbindən çoxsaylı viza müraciətləri rədd edilir.
Açıqlamada qeyd olunur ki, saxta sənədlər yalnız ilk dəfə müraciət edənlərdə deyil, əvvəllər Şengen vizası almış şəxslərin müraciətlərində də aşkarlanır. Belə hallarda viza müraciətləri dərhal rədd edilir.
Konsulluq bildirib ki, təqdim olunan sənədlər ətraflı şəkildə yoxlanılır. Xüsusilə otel rezervasiyaları və sığorta sənədlərindəki QR kodlar, həmçinin uçuş məlumatları aidiyyəti sistemlər vasitəsilə təsdiqlənir. Uyğunsuzluq və ya saxtalaşdırma aşkar edildikdə müraciət qəbul edilmir.
Bundan əlavə, konsulluq vurğulayıb ki, sənədlərin agentlik tərəfindən hazırlanması müraciətçini məsuliyyətdən azad etmir. Viza ərizəsini imzalayan şəxs təqdim etdiyi bütün məlumatların düzgünlüyünə görə hüquqi məsuliyyət daşıyır.