Avropa üçün dəhşətli statistika

Avropa üçün dəhşətli statistika Dünya

İyunun ikinci yarısında Avropanı bürüyən ekstremal isti hava dalğasının ən azı 10 min nəfərin ölümünə səbəb olduğu bildirilir.

News24.az xəbər verir ki, bu barədə Avropanın ölüm hallarının monitorinqi mərkəzinin açıqladığı statistik məlumatlarda qeyd olunub.

Məlumata əsasən, 2026-cı ilin 26-cı həftəsində qitə üzrə bütün yaş qruplarında izafi ölüm halları 10 min nəfəri keçib. Bu göstəricinin böyük hissəsi – 9 mindən çoxu 65 yaş və daha yuxarı şəxslərin payına düşür.

Statistikaya görə, vəziyyət ən çox Belçika və Fransada ağır olub. İspaniya, Niderland və İsveçrədə də isti hava ilə əlaqədar ölüm göstəricilərində artım müşahidə edilib. Böyük Britaniya, Almaniya və İtaliyada isə əlavə ölüm halları digər ölkələrlə müqayisədə daha aşağı səviyyədə qeydə alınıb.

Qeyd edək ki, iyunun ikinci yarısında Qərbi Avropanın bir sıra bölgələrində havanın temperaturu 40 dərəcəni ötüb. Bu arada, Avropanın Yerin məsafədən zondlanması proqramı olan "Copernicus" iyulun 9-da açıqlayıb ki, ötən iyun ayı meteoroloji müşahidələr tarixində ən isti iyun kimi qeydə alınıb. Həmin dövrdə Yer səthində orta hava temperaturu 20,74 dərəcə təşkil edib.