Dünyanın ən hündür zirvəsində “tıxac” yarandı – VİDEO
Dünya
Dünyanın ən hündür zirvəsi olan Everestdə qeyri-adi mənzərə yaşanıb. May ayının sonunda zirvəyə son hücum mərhələsində 274 alpinistin növbədə gözlədiyini əks etdirən görüntülər yayılıb.
News24.az xəbər verir ki, məlumata görə, bu vəziyyətin əsas səbəbi Everestə qalxış üçün əlverişli hesab olunan çox qısa “hava pəncərəsi”nin yaranması olub. Alpinistlər həftələrlə küləyin və temperaturun münasib olacağı vaxtı gözləyirlər. Belə şərait yarandıqda isə yüzlərlə insan eyni anda zirvəyə doğru hərəkət edir.
Bu il marşrut üzərindəki təhlükəli buz sahəsi səbəbindən mövsüm gec başlayıb. Nəticədə bir çox ekspedisiya eyni tarixdə zirvə yürüşünə çıxmağa məcbur qalıb.
Everestdə sıxlıqla bağlı müzakirələrə baxmayaraq, dağa qalxmaq istəyənlərin sayı azalmır. Hazırda Nepal hökumətinin verdiyi qalxış icazəsinin qiyməti 15 min dollardır. Tam kommersiya ekspedisiyasının dəyəri isə xidmət səviyyəsindən, şerpaların və oksigen avadanlıqlarının sayından asılı olaraq 40-150 min dollar arasında dəyişir.
Bu mövsüm Nepal hakimiyyəti Everestə qalxmaq üçün rekord sayda – 494 icazə verib.
Mütəxəssislərin məlumatına görə, Everestə ilk qalxışlardan bəri 340-dan çox insan həyatını itirib. Müasir hava proqnozları, peyk rabitəsi və oksigen avadanlıqlarına baxmayaraq, ölüm göstəricisi hələ də iştirakçıların təxminən 1 faizi səviyyəsində qalır.
Ən böyük təhlükə isə 8 min metrdən yuxarı yerləşən və “ölüm zonası” adlandırılan hissədə yaranan tıxaclardır. Bu yüksəklikdə havadakı oksigenin azlığı səbəbindən insan orqanizmi normal fəaliyyət göstərməkdə çətinlik çəkir.