Dostunu öldürdü, onun pulu ilə borclarını ödədi
Dünya
Türkiyənin Qaziantep şəhərində dostunu öldürməkdə təqsirləndirilən şəxsin mərhumun bank hesablarından öz hesabına 275 min lirə köçürdüyü iddia olunur.
News24.az yerli mediaya istinadən xəbər verir ki, Hakan A. ilə 57 yaşlı dostu Ergün Gündüz arasında pul məsələsinə görə mübahisə yaranıb. Mübahisə zamanı odlu silahdan açılan atəş nəticəsində Gündüz həyatını itirib.
Hadisədən sonra təqsirləndirilən şəxsin mərhumun bank hesablarındakı pulları öz hesabına köçürərək borclarını ödədiyi irəli sürülüb.
Qaziantep 3-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Hakan A. ittihamları qəbul etməyib. O, dostuna 350 min lirə borc verdiyini, Gündüzün isə həmin məbləğin 275 min lirəsini sağlığında öz hesabına köçürdüyünü bildirib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, mübahisə zamanı dostu ona silah tuşlayıb. Silahı əlindən almağa çalışarkən təsadüfən atəş açılıb və Gündüz ölüb.
Hakan A. hadisədən sonra dostunun silahını və mobil telefonunu götürərək ərazidən uzaqlaşdığını, silahı hissələrə ayıraraq zibilliyə, telefonu isə boş əraziyə atdığını etiraf edib. O, hadisədən iki gün sonra polisə təslim olub.
Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin davam etdirilməsinə qərar verib. Növbəti məhkəmə iclası daha sonrakı tarixə təyin olunub.
