Dunay çayında su sürətlə azalır – FOTOLAR
Dünya
Avropanın ikinci ən uzun çayı olan Dunayda suyun səviyyəsi sürətlə azalır.
News24.az xəbər verir ki, 10 ölkənin ərazisindən keçərək Qara dənizə tökülən Dunay çayının Serbiya və Bolqarıstan hissəsində suyun səviyyəsinin enməsi davam edir.
Serbiya Hidrometeorologiya İnstitutunun məlumatına görə, Novi Sad şəhərindən keçən hissədə suyun səviyyəsi son sutkada daha 2 santimetr aşağı düşüb. Bildirilib ki, bu azalma hər gün davam edir.
Novi Sadda bəzi qayıqlar palçıqda ilişib qalıb. Çayın çəkilməsi nəticəsində üzə çıxan qum adaları isə sakinlər tərəfindən çimərlik kimi istifadə olunur.
Serbiya mətbuatı yazır ki, suyun azalması elektrik enerjisi istehsalına mənfi təsir göstərir, bəzi ərazilərdə isə suvarma işləri demək olar ki, dayanıb.
Serbiya Meteorologiya Xidməti ölkədə yeni isti hava dalğasının başladığını açıqlayıb. Bu gün havanın maksimal temperaturu 38 dərəcə qeydə alınıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, isti hava davam edərsə, Dunayda suyun səviyyəsi daha da aşağı düşəcək.
Bolqarıstanda da Dunayın səviyyəsinin azalması səbəbindən gəmiçiliyə müəyyən məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, çəkilən sular nəticəsində tarixdən əvvəlki dövrə aid heyvan qalıqları üzə çıxıb.
Bolqarıstanın Dunay Çayı Araşdırma və Baxım İdarəsinin məlumatına görə, nəqliyyat davam etsə də, bəzi kritik hissələrdə gəmilərin yükdaşıma qabiliyyəti və hərəkət kanalı ilə bağlı müvəqqəti məhdudiyyətlər qüvvədədir.
Rusçuk bölgəsində aparılan qazıntılar zamanı alimlər yunlu mamonta aid olduğu ehtimal edilən qalıqları çıxarmağa başlayıblar. İndiyədək alt çənə sümüyü, bud sümüyünün hissələri, dişlər və çoxsaylı digər sümük qalıqları aşkar edilib.
Mütəxəssislər hesab edirlər ki, bu qalıqlar təxminən 10 min il əvvəl həmin ərazidə yaşamış gənc yunlu mamonta məxsus ola bilər.