Dünyada 10 milyona yaxın insan həyatını itirə bilər
Dünya
The BMJ jurnalında dərc olunan yeni araşdırmalar dünyada yenidoğulmuşlar, uşaqlar və yeniyetmələr arasında ölüm hallarının azaldılması istiqamətində əldə edilən irəliləyişin son illərdə ciddi şəkildə zəiflədiyini ortaya qoyub.
News24.az xəbər verir ki, tədqiqatçılar xəbərdarlıq edirlər ki, hazırkı vəziyyət davam edərsə, 2030-cu ilə qədər milyonlarla qarşısı alına biləcək ölüm hadisəsi baş verə bilər. Hesabatda qeyd olunur ki, əlavə maliyyə və səhiyyə tədbirləri görülməzsə, həmin dövrədək dünyada 9,4 milyona qədər insan həyatını itirə bilər. Onların təxminən 2,5 milyonunu beş yaşdan kiçik uşaqlar təşkil edəcək.
Araşdırma 1990–2024-cü illəri əhatə edən və 200 ölkədən toplanmış məlumatlar əsasında hazırlanıb. Məlumata görə, 2024-cü ildə beş yaşdan kiçik uşaqlar arasında təxminən 4,9 milyon ölüm qeydə alınıb. Bu ölümlərin böyük hissəsi yenidoğulmuşların payına düşüb.
Əsas ölüm səbəbləri sırasında vaxtından əvvəl doğuşun ağırlaşmaları və pnevmoniya daxil olmaqla tənəffüs yolu infeksiyaları göstərilib.
Mütəxəssislər bildirirlər ki, 2000–2015-ci illərdə uşaq ölümü hər il orta hesabla 3,9 faiz azalırdı. Lakin 2015–2024-cü illərdə bu göstərici 1,5 faizə qədər geriləyib ki, bu da prosesin zəiflədiyini göstərir.
Araşdırmada qeyd olunur ki, ən ağır vəziyyət Saharaaltı Afrika və Cənubi Asiya ölkələrində müşahidə edilir. Həmin regionlarda tibbi xidmətə çıxış, qidalanma və səhiyyə infrastrukturu ilə bağlı problemlər davam edir.
Alimlər həmçinin yeniyetmələr arasında yol-nəqliyyat qəzaları, malyariya, uşaqlarda xərçəng və gənc analarda yaranan ağırlaşmaların ciddi risk olaraq qaldığını bildiriblər.
Tədqiqat müəllifləri vurğulayıblar ki, əlavə investisiyalar və siyasi dəstək olmadan qarşısı alına biləcək ölümlər qlobal problem olaraq qalmağa davam edəcək. (Unikal)