Dünyanın ən böyük neft şirkəti emal zavodunu bağlayır

Dünyanın ən böyük neft şirkəti emal zavodunu bağlayır Dünya

Dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco" Yəməndəki Husi hərəkatının hücumu nəticəsində zərər görən əsas neft emalı zavodunun fəaliyyətini dayandırıb.

News24.az xəbər verir ki, "Reuters" agentliyinin IIR konsaltinq şirkətinin hesabatına istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Cazan şəhərində yerləşən və sutkada təxminən 400 min barel neft emal gücünə malik zavodda hücum nəticəsində birləşdirilmiş dövrəli qazlaşdırma kompleksi və yanacaq çənlərinin yerləşdiyi ərazi zədələnib.

Məlumata əsasən, hazırda obyektdə bərpa və təmir işləri aparılır. Zavodun avqustun 15-dək yenidən istismara verilməsi planlaşdırılır.

Bundan əvvəl Bloomberg peyk görüntülərinə istinadən müəssisənin su anbarı hissəsində yanğın baş verdiyini, həmçinin zavodun şərq hissəsində tüstü çıxaran məşəl bacasının müşahidə olunduğunu bildirmişdi.