Ebola epidemiyası daha 2 əyalətə yayıldı
Dünya
Konqo Demokratik Respublikasında Ebola epidemiyası iki yeni əyalətə yayılıb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin İctimai Səhiyyə İnstitutuna istinadən məlumat yayıb.
Məlumata görə, Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasının yayılması Yuxarı Uele və Çopo əyalətlərini də əhatə edib.
Hesabatda bildirilib ki, həmin iki əyalətdə qeydə alınan bütün yoluxma halları əsasən İturi əyalətinin Nianiya rayonu ilə bağlıdır. Bu səbəbdən vəziyyət nəzərə alınaraq bu ərazilər də epidemiya zonası elan edilməlidir.
Qeyd edək ki, iyulun 8-də KDR-nin şərqində Ebola epidemiyasının episentrində çalışan həkimlər maaş borclarına görə tətilə başlayıblar.
Məlumata görə, İturi əyalətində tibb işçiləri mayın 15-dən etibarən əməkhaqqı almayıblar.
Məhz həmin vaxt ölkə hakimiyyəti Ebola epidemiyasının başladığını elan edilib.
Həkimlər həmçinin tibbi avadanlıqların çatışmazlığından və təhlükəsiz işləmək üçün şəraitin olmamasından şikayətlənirlər.
Tətilə tibb işçilərinin təhlükəsizliyini təmin edən təhlükəsizlik qüvvələrinin əməkdaşları da qoşulublar.
Mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
Bu, bölgədə qeydə alınan 17-ci Ebola epidemiyasıdır. Vəziyyəti daha da çətinləşdirən amil isə yayılan Bundibuqyo ştammına qarşı təsdiqlənmiş müalicə üsulu və peyvəndin olmamasıdır.