Ebola təhlükəsi böyüyür - Virus yeni ölkələrə yayıldı
Dünya
Afrikada Ebola virusunun yayılması ilə bağlı narahatlıq artır. Konqo Demokratik Respublikasında başlayan yoluxma halları qonşu ölkələrdə də aşkarlanıb. Nigeriyada ilk yoluxmanın qeydə alınması təhlükənin daha geniş əraziyə yayıla biləcəyi ilə bağlı narahatlıq yaradıb.
News24.az xəbər verir ki, xəstəliyin yayılmasına gec diaqnoz qoyulması, yoluxan şəxslərlə təmasda olan insanların vaxtında müəyyən edilməməsi və tibbi xidmətlərə çıxışın çətinliyi təsir göstərir. Konqo Demokratik Respublikasında təxminən 9 min 500 yoluxma və 4 min 600-dən çox ölüm qeydə alınıb. Keniya və Nigeriyada da yoluxma halları aşkarlanıb. Uqandada isə əvvəl qeydə alınan 20 yoluxma halından sonra xəstəliyin yayılmasının qarşısı alınıb.
Nigeriyada virusa yoluxan qadının xəstəlik əlamətləri oktyabrın 7-də başlayıb. Laboratoriya müayinəsi oktyabrın 20-də müsbət nəticə verib. Səhiyyə qurumları xəstə ilə təmasda olan 44 nəfəri nəzarətə götürüblər. Mütəxəssislər bildirirlər ki, xəstəliyin qarşısını almaq üçün yoluxan şəxslər vaxtında aşkarlanmalı, onların təmasda olduğu insanlar izlənməli və laboratoriya müayinələri sürətləndirilməlidir. Afrikanın bəzi bölgələrində silahlı münaqişələr və zəif səhiyyə infrastrukturu bu tədbirləri çətinləşdirir.
Bundibuqyo virusunun yaratdığı bu xəstəliyə qarşı hazırda təsdiqlənmiş peyvənd və xüsusi müalicə vasitəsi yoxdur. Xəstəlik zamanı qızdırma, halsızlıq, baş və əzələ ağrıları yarana bilər. Lakin dəqiq diaqnoz üçün tibbi müayinə və laboratoriya analizləri vacibdir. Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə qitə ölkələrinin səhiyyə nazirlərini oktyabrın 28-də fövqəladə onlayn toplantıya dəvət edib.