Ebola virusu ilə bağlı həyəcan təbili - Sürətlə yayılır

Ebola virusu ilə bağlı həyəcan təbili - Sürətlə yayılır Dünya

Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə yayılmaqda davam edir.

News24.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus epidemiyanın son vəziyyəti barədə məlumat verib.

Qebreyesusun sözlərinə görə, hazırkı epidemiya tarixdə qeydə alınmış ikinci ən böyük Ebola epidemiyasıdır.

ÜST-nin məlumatına əsasən, yoluxanların sayı 6 mini, ölənlərin sayı isə 3 mini keçib.

Virus hazırda ölkənin 6 vilayətində 60 səhiyyə bölgəsinə yayılıb. Epidemiyanın əsas ocağı İturi vilayətidir.

Yoluxmaların təxminən 85 faizi, Ebola səbəbilə ölümlərin isə 88 faizi məhz bu bölgədə qeydə alınıb.

ÜST üçün əsas narahatlıq ölənlərin bir qisminin əvvəldən müəyyən edilmiş təmasda olan şəxslər siyahısında olmamasıdır. Bu, hələ aşkarlanmamış yoluxma zəncirlərinin mövcudluğuna işarə edir.

Ölümlərin böyük hissəsi Ebola müalicə mərkəzlərindən kənarda baş verir.

Təhlükəsiz dəfn qaydalarına əməl edilməməsi də virusun yayılmasını sürətləndirən amillərdən biri kimi göstərilir.

Epidemiyaya qarşı mübarizə çərçivəsində bölgəyə 330 tondan çox təcili yardım ləvazimatı göndərilib, 300-dən çox mütəxəssis cəlb olunub.

Qeyd edək ki, Bundibugyo ebola virusuna qarşı iki yeni vaksinin Böyük Britaniya və Kanadada təhlükəsizlik sınaqları davam edir. ÜST həmçinin Konqoda üç vaksinin effektivliyinin araşdırılmasına oktyabr və ya noyabr aylarında başlanacağını açıqlayıb.