Ebola virusundan ölənlərin sayı artdı
Dünya
Konqo Demokratik Respublikasında Ebola qızdırmasından təsdiqlənmiş ölüm sayı son sutkada 13 nəfər artaraq 267-yə çatıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ebola virusuna yoluxanların sayı 1 048 nəfər təşkil edir. Bu, əvvəlki günlə müqayisədə 45 nəfər çoxdur.
Xəstəxanalarda və tibbi təcridxanalarda 371 xəstə nəzarət altında saxlanılır. Tam sağalanların sayı 112 nəfərə çatıb. Ölüm göstəricisi 25,5 faizdir.
Nazirlik bildirib ki, Ebola xəstələri ilə təmasda olmuş şəxslərin izlənilməsi göstəricisində kəskin artım qeydə alınıb və bu rəqəm 70,8 faizə yüksəlib.
Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, epidemiyanın tam nəzarət altına alınması üçün bu göstərici 95 faiz olmalıdır.
Qeyd edək ki, mayın 26-dan etibarən Cənubi Kivu əyalətində virusa yeni yoluxma halları aşkarlanmayıb. Bu, mayın 15-də başlayan hazırkı Ebola epidemiyasının yayıldığı üç əyalətdən biridir.
Epidemiyanın əsas ocağı isə İturi əyalətində yerləşir. /TASS/